UEFA Millətlər Liqasında Lüksemburq – Azərbaycan oyunundan sonra hər iki komandanın məşqçiləri oyundan razı qaldıqlarını deyib. Milli komandamızın gündən-günə inkişaf etdiyini bildirən Canni De Byazi nizam-intizamı olan bir heyət formalaşdırdıqlarını bildirib.

Millimizin baş məşqçisi Canni De Byazi görüşdən sonra keçirilən mətbuat konfransında bəzi amillərin oyun planlarını pozduğunu da gizlətməyib: “Bizim üçün vacib oyun idi. Çətin olacağını bilirdik. İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi. Bədavi Hüseynovun zədələnməsi oyun planımızı pozdu. Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi. Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız vardı. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var”. 

Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts görüşün maraqlı keçdiyini qeyd etməklə yanaşı penaltidən istifadə edəb bilmədiklıərinə görə təəssüfləndiyini dilə gətirib:  “Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi. Təssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Press tətbiq edərək bir neçə dəfə əks-hücumlar təşkil etdi. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”.